Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının Vətən Müharibəsi Şəhidləri

 

Soyad: Əliyev

Ad: Fərid 

Ata adı: Hamlet

Doğum tarixi: 22.03.2001

Şəhid olub: 27.09.2020

Rütbə: Əsgər

 

 

  

 

 

 

 

Şəhid Əliyev Fərid Hamlet oğlu 22 mart 2001-ci ildə İsmayıllı şəhər Kürdmaşı kəndində anadan olmuşdur. 2007-2018 ci illərdə C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbində təhsil almışdır. 2018-ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin "Turizm və Onun Təşkili" ixtisası üzrə təhsilini davam etdirmişdir.

2019-cu ildə təhsilinə fasilə verərək hərbi xidmətə getmişdir. Azərbaycan Ordusunun əsgəri olan Fərid Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.

Fərid Əliyev sentyabrın 28-də doğulduğu İsmayıllı rayonunun Kürdmaşı kəndində dəfn olunmuşdur.

Şəhid Əliyev Fərid Hamlet oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ”Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Qəfərov

Ad: Saməddin

Ata adı: Rasim

Doğum tarixi: 23.01.1993

Şəhid olub: 28.09.2020

Rütbə: gizir

 

 

 

 

 

 

 

Gizir Qəfərov Saməddin Rasim oğlu 1993-cü il yanvarın 23-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. Uşaqlıdan arzusu həkimlik olan Saməddin məktəbi bitirəndən sonra Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin "Hərbi feldşer işi" ixtisasına qəbul olub. Xidmət dövründə gizir feldşer olan Saməddin 2016-cı ilin aprel döyüşlərində 130 yaralını, 2020-ci il Tovuz döyüşlərində 50-dən çox, Vətən müharibəsində isə 90 yaralını döyüş meydanından çıxarımışdır. Sonuncu dəfə yaralı çıxaran zaman snayper gülləsinə tuş gələrək şəhid olmuşdur.

O  28 sentyabr 2020-ci ildə  İsmayıllı rayonunun Qubaxəlilli kəndində dəfn olunub.

Gizir Qəfərov Saməddin Rasim oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Məmmədov

Ad: Cavad

Ata adı: Səfiyar

Doğum tarixi: 25.05.1980

Şəhid olub: 28.09.2020

Rütbə:  Baş leytenant

 

 

 

 

 

 

 

Məmmədov Cavad Səfiyar oğlu 25 may 1980-ci ildə Göyçə mahalında anadan olmuşdur. O, 1996-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetində, ikinci təhsilini isə Gəncə Dövlət Universitetində almışdır. Cavad 2000-2002-ci illərdə hərbi xidmətdə olmuşdur.


2020-ci ildə ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırılmış baş leytenant Cavad Məmmədov 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Göygöl rayonunda dəfn edilmişdir.

Baş leytenant Məmmədov Cavad Səfiyar oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.

Soyad: Mürsəliyev

Ad: Sübhi

Ata adı: Balamirzə

Doğum tarixi: 28.12.1979

Şəhid olub: 30.09.2020

Rütbə: mayor

 

 

 

 

 

 

 

Mayor Mürsəliyev Sübhi Balamirzə oğlu 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunun  Qurbanəfəndi kəndində müəllim ailəsində anadan olub .

Orta məktəbi yüksək qiymətlərlə bitirən Sübhi 1997-ci ildə Bakı Dövlət Univeristetinin Sosial elmlər və psixologiya fakültəsinin “İqtisadi nəzəriyyə” ixtisasına qəbul olub. Uşaqlıqdan hərbi sahəyə olan marağı, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunması fikri onu daim düşündürüb. Elə buna görə də ali məktəbi bitirdikdən sonra hərbi xidmətə zabit kimi yollanır. Elə ilk günlərdən düşmənlə üz-üzə mübarizə aparır. Göstərdiyi şücaətlərinə görə həmişə hərbi hissə komandirlərinin rəğbətini qazanır, savadlı, uzaqgörən zabit kimi önə çəkilir, onların diqqət mərkəzində olur. Nəticədə tez bir zamanda tağım komandirliyindən batareya komandirliyinə yüksəlir.

Hərbi xidmət dövründə cəbhənin Tərtər, Ağdam, Tovuz bölgələrində olur. 2016-cı il Aprel döyüşlərində Talış kəndi uğrunda gedən döyüşlərdə fəallıq göstərir. Müxtəlif medallar və fəxri fərmanla təltif edilir.

Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci ilsentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhi Mürsəliyev sentyabrın 30-da gedən gərgin döyüşlərin birində 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub. O, İsmayıllı rayonunun Qurbanəfəndi kəndində dəfn olunub.
Mayor Mürsəliyev Sübhi Balamirzə oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Hüseynzadə

Ad: Səməd

Ata adı: Səttar

Doğum tarixi: 18.10.1998

Şəhid olub: 02.10.2020

Rütbə: Əsgər

 

 

 

 

 

 

 

Hüseynzadə Səməd Səttar oğlu 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. Orta təhsilini Talıstan kənd E.Bayramov adına Talıstan kənd tam orta məktəbində almışdır. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. 44 günlük Vətən müharibəsində iştirak edən Səməd Hüseynzadə Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin atdığı top atəşi nəticəsində şəhid olub.

Əsgər Hüseynzadə Səməd Səttar oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Musayev

Ad: Ramil

Ata adı: Aydın

Doğum tarixi: 06.05.1991

Şəhid olub: 04.10.2020

Rütbə: gizir

 

 

 

 

 

 

 

Gizir Musayev Ramil Aydın oğlu 6 may 1991-ci ildə Ìsmayıllı şəhərində anadan olub. Ramil İsmayıllı rayon Natiq Behdiyev adına 6 saylı tam orta məktəbdə təhsil alıb. 18 yaşı tamam olduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra rayona qayıdan Ramil fərdi əməklə məşğul olur. Vətənə olan eşqi hər şeyi üstələyərək onu yenidən ordu sıralarına qaytarır. 10 il Azərbaycan Ordusunda xidmət edən Ramil həmin 10 ilin 8 ilini Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Nümunəvi xidmətinə görə bir çox mükafat və sertifikatlara layiq görülüb.

2016-cı ildə baş verən Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində vuruşub. Aprel döyüşlərdində göstərdiyi şücaətlərə görə Ramilə kiçik gizir hərbi rütbəsi verilib.  Azərbaycan Ordusunun kiçik giziri olan Ramil Musayev 2020-ci il sentyabrın 27-də  Erməni ordusunun təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı ilk günlər Kəlbəcər rayonu istiqamətində, sonra isə Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramil Musayev oktyabrın 4-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Gizir Musayev Ramil Aydın oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qarabağ ordeni”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Səlimzadə

Ad: Kənan

Ata adı: Məmiş

Doğum tarixi: 25.11.1997

Şəhid olub: 04.10.2020

Rütbə: Gizir-feldşer

 

 

 

 

 

 

 

Səlimzadə Kənan Məmiş oğlu  1997-ci il noyabrın 25-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. Orta məktəbi qurtardıqdan sonra Tibb Texnikomuna daxil olur. Müxtəlif döyüş bölgələrində hərbi feldşer kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Ordusunun gizir feldşeri olan Kənan Səlimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərin  birində yaralı əsgəri xilas edərkən düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub. Qubaxəlilli kənd qəbristanlığında dəfn edilib.

Gizir-feldşer Səlimzadə Kənan Məmiş oğlu   ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları  ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Yusifov

Ad: Ramil

Ata adı: Mürşüd

Doğum tarixi: 24.04.1978

Şəhid olub: 05.10.2020

Rütbə: baş gizir

 

 

 

 

 

 

 

Yusifov Ramil Mürşüd oğlu 1978-ci ildə İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olub. 43 illik ömrünün 24 ilini Azərbaycan ordusuna həsr edən Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış təpə ətrafındakı döyüşlər zamanı tankda yanaraq yaralanmışdır.

Ağır yaralanmağına baxmayaraq, axıra qədər insanlıq borcunu yerinə yetirərək 3 döyüş yoldaşına tankdan çıxmağa kömək edib. Ramil Bakıya müalicəyə göndərilmiş, onun üçün bir neçə mütəxəssis həkim ayrılmışdır. Lakin yanıq daxili orqanlarını zədələdiyi səbəbindən oktyabrın 4-ü 42 yaşında şəhidlik zirvəsinə ucalmışdır. Ağbulaq kənd qəbristanlığında dəfn edilmişdir.

Baş gizir Yusifov Ramil Mürşüd oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə “ medalları ilə təltif olunub.

Soyad: Dəmirov

Ad: Vüsal

Ata adı: Aydın

Doğum tarixi: 10.09.1993

Şəhid olub: 05.10.2020

Rütbə: maxe-çavuş

 

 

 

 

 

 

 

Dəmirov Vüsal Aydın oğlu 10 sentyabr 1993-cü ildə İsmayıllı şəhərində anadan olub. 2000-ci ildə İsmayıllı şəhər İ.Həsənov  adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2005-ci ildə Bakı şəhərinə gedərək Respublika Olimpiya İdman liseyinə daxil olub. Oranı bitirdikdən sonra 2012-ci ildə  həqiqi hərbi xidmətə çağırılıb.

Həqiqi hərbi xidməti başa vurduqdan sonra vətən sevgisi Vüsalı hərbi xidmətdə qalmasına sövq edib. O, hərbi xidmətdə fərqlənməyə görə fəxri fərman və mükafatlara layiq görülüb. 2016- cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz döyüşlərində də iştirak edib.
Vüsal Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vüsal İsmayıllı rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.

MAXE-çavuş Dəmirov Vüsal Aydın oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Nəcəfov

Ad: Fuad

Ata adı: Taleh

Doğum tarixi: 01.10.1990

Şəhid olub: 08.10.2020

Rütbə: miçman

 

 

 

 

 

 

 

Nəcəfov Fuad Taleh oğlu  1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Hərbi Dəniz Qüvvələrində keçib. 

2010-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlıq kursu”nu bitirib. Fuada Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 avqust 2010-cu il tarixli əmri ilə “miçman” hərbi rütbəsi verilib. Xidmət dövründə “Azərbaycan Ordusunun 95 illiyi” , “Azərbaycan Ordusunun 100 illiyi”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.  Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrininin xüsusi təyinatlılarının tərkibində döyüşlərdə fəal iştirak edərək qələbənin qazanılmasında müstəsna xidmətləri olub. 2020-ci ilin oktyabr ayının 7-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 8-də Qalınçaq kənd qəbristanlığında dəfn edilib.

Miçman Nəcəfov Fuad Taleh oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qarabağ ordeni”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Məmmədli

Ad: Cəmil

Ata adı: Habil

Doğum tarixi: 28.07.1999

Şəhid olub: 15.10.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil almış, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinin “Materialşünaslıq” fakultəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür.

2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Cəmil oktyabr ayının 14-dən 15-ə keçən gecə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş, 15 oktyabr 2020-ci ildə İsmayıllı rayon Şəhidlər xiyabanında dəfn edilmişdir.

Əsgər Cəmil Məmmədli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Soyad: Osmanlı

Ad: Teymur

Ata adı: Saday

Doğum tarixi: 31.05.1995

Şəhid olub: 17.10.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Osmanlı  Teymur Saday oğlu 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 2001-2012-ci illərdə İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2012-ci ildə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinə daxil olub və 2016-cı ildə universiteti bitirib.Universiteti bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsində qiyabi  təhsil alıb.Teymur Osmanlı 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib və oktyabrın 3-də şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 17-də İsmayıllı rayonunun  Cülyan kənd qəbiristanlığında dəfn olunub.

Əsgər Osmanlı  Teymur Saday oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Məmmədli

Ad: Əşrəf

Ata adı: Elman

Doğum tarixi: 15.09.1999

Şəhid olub: 17.10.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Məmmədli Əşrəf Elman oğlu 1999-cu il sentyabrın 15-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. 2005-2009-cu illərdə Maçaxı kənd tam orta məktəbində, 2009-2014-cü illərdə Tircan kənd tam orta məktəbində təhsil alıb. 2014-2017-ci illərdə isə Abşeron Ceyranbatan Peşə Liseyində "təmirçi-çilingər" ixtisası üzrə təhsil alıb.

O, 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin noyabr ayından isə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əşrəf Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 17-də şəhidlik zirvəsinə yüksəlib.

Şəhid Məmmədli Əşrəf Elman oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Mirzəliyev

Ad: Aqil

Ata adı: Mehman

Doğum tarixi: 27.08.1999

Şəhid olub: 28.09.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Mirzəliyev Aqil Mehman oğlu 1999- cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005-ci ildə İ.Həsənov adına 1 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul edilmişdir. Orta məktəb dövründə fəal olan Aqil respublika fənn olimpiadalarının, bilik və intellektual yarışlarının və dəfələrlə respublika çempionu olmuş, çox saylı diplom və mükafatlarla təltif edilmişdir.

2016-cı ildə keçirilən qəbul imtahanında 613 bal yığaraq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olmuşdur. 2020-ci ildə universiteti bitirdikdən sonra 27 iyulda hərbi xidmətə yollanmışdır. Xüsusi təyinatlı qüvvələrdə xidmət edən Aqil sentyabrın 27-i başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərdə fəal iştirak edib. Kəlbəcər (Murovdağ), Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd rayonlarının azad olunmasında fəal iştirak etmişdir. Oktyabrın 20-i Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Oktyabrın 23-ü İsmayıllı rayonun Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Şəhid Mirzəliyev Aqil Mehman oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Həsənquliyev

Ad: Nicat

Ata adı: Aydın

Doğum tarixi: 09.12.1989

Şəhid olub: 26.10.2020

Rütbə: Əsgər

 

 

 

 

 

 

 

Həsənquliyev  Nicat Aydın oğlu 1989-cu il dekabrın 9-da Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. Ailəsi, Ağdam rayonu işğal olunduqdan sonra İsmayıllı rayonunda məskunlaşmışdır. Nicat 1996-2007-ci illərdə E.Məmmədov adına 3 saylı orta məktəbdə təhsil almışdır. Məktəb illərində Nicat “Şahin” hərbi idman oyunlarında fəal iştirak etmiş,çoxnövçülük üzrə dəfələrlə fəxri fərman və medallar almışdır. Nicat 2020-ci ilin yanvar ayından “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi xidmət qulluqçusu kimi çalışmışdır.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Həsənquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Həsənquliyev oktyabrın 25-da Füzuli döyüşləri zamanı şəhid olub və 26 oktyabrda İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhid Həsənquliyev Nicat Aydın oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Ağazadə

Ad: Emin

Ata adı: Valik

Doğum tarixi: 22.03.1991

Şəhid olub: 28.09.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Ağazadə Emin Valik oğlu 1991-ci il mart ayının 22-də İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. İlk təhsilini Ceyhun Həsənov adına Kürdmaşı kənd orta məktəbində alıb. Məzun olduqdan sonra Beyləqan rayonuna hərbi xidmətə yollanıb. Xidməti başa vurduqdan sonra Bakı şəhər Yasamal rayonunda yerləşən UDT texnika MMC -də çilingər olaraq işləyib. Müharibənin başladığını eşitdikdən sonra hərbi komissarlığa gedib könüllü olaraq qeydiyyatdan keçib.

Oktyabrın 5-i təlimlərə çağrılıb. 2 həftə təlimlərə qatıldıqdan sonra ön cəbhəyə yollanıb. Cəbrayıl uğrunda gedən döyüşlərdə 2 gecə qəhrəmancasına vuruşub. Oktyabrın 25-i Laçın istiqamətində gedən döyüşlərdə gizli şəkildə postu tərk edib xüsusi təyinatlılara qoşulub döyüş bölgəsinə gedib və şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 27-si Kürdmaşı kənd qəbristanlığında dəfn edilib.

Şəhid Ağazadə Emin Valik oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Əhmədzadə

Ad: Famil

Ata adı: Ağaəhməd

Doğum tarixi: 23.09.1975

Şəhid olub: 14.10.2020

Rütbə: Baş leytenant

 

 

 

 

 

 

 

Əhmədzadə Famil Ağaəhməd oğlu 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub.  İbtidai təhsilə 1982-ci ildə  Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə başlamışdır. Məktəbdə ən savadlı şagirdlərdən biri olmuşdur. Elə bunun nəticəsidir ki, o, orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirmişdir. Elə həmin ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitununa qəbul olmuşdur. O, akademiyanın sayılıb-seçilən tələbələrindən olub.

1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmiş, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi verilmişdir. Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyətini davam etdirib. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşüb. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılıb. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin alınmasında böyük şücaət göstərərək oktyabrın 13-dən 14-nə keçən gecə qəhrəmancasına şəhid olub.  Noyabrın 3-də rayonun Şəhidlər Xiyabanında dəfn edilib.

Baş leytenant Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”,” Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Soyad: Müseyibli

Ad: Ülvi

Ata adı: Şakir

Doğum tarixi: 27.11.1991

Şəhid olub: 06.11.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Müseyibli Ülvi Şakir oğlu 1991-ci il noyabrın 27-də İsmayıllı rayonunun Xəlilli kəndində anadan olub. Orta təhsilini 1998-2009-cu illərdə Xəlilli kəndində alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Ön cəbhədə xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Ülvi Müseyibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Müseyibli noyabrın 5-də Xocavənd döyüşləri zamanı şəhid olub. Noyabrın 6-da İsmayıllı rayonun Xəlilli kəndində dəfn olunub.

Əsgər Müseyibli Ülvi Şakir oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”,” Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Qənbərli

Ad: Taleh

Ata adı: Abil

Doğum tarixi: 17.10.1994

Şəhid olub: 06.11.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Qənbərli Taleh Abil oğlu 1994-cü il oktyabrın 17-də İsmayıllı rayonunun Quşencə anadan olub. Orta təhsilini Quşencə kənd tam orta məktəbində almış, məktəbi bitirdikdən sonra isə hərbi xidmətə yollanmışdır.

44 günlük Vətən müharibəsində  iştirak edən Taleh Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Onun ən böyük arzularından biri də Şuşanın işğaldan azad olunması olub. O, noyabr ayının 5-də Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 6-da doğulduğu Quşencə kəndində dəfn edilib.

Şəhid Qənbərli Taleh Abil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Həmzəyev

Ad: Novruz

Ata adı: Bəkir

Doğum tarixi: 22.03.1992

Şəhid olub: 09.11.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Həmzəyev Novruz Bəkir oğlu 1992-ci ilin martın 21-də İsmayıllı  şəhərində  anadan olub. Məktəbi bitirdikdən sonra 2010-cu ildə hərbi xidmətə yollanıb.

Xidmətini başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin kəşfiyyatçı manqa komandiri ixtisasını bitirib. Novruz İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlının giziri, ZTR döyüş maşın komandiri kimi xidmət edib. O, döyüş meydanından 127 şəhid və yaralı çıxarıb. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan, Suqovuşan və Talış uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Noyabrın 7-də Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 9-da İsmayıllı rayonunda Şəhidlər xiyabanında dəfn edilib. 

Şəhid Həmzəyev Novruz Bəkir oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Şirinov

Ad:  Etibar

Ata adı: Fazil

Doğum tarixi: 27.08.1993

Şəhid olub: 10.11.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Şirinov Etibar Fazil oğlu 27 avqust 1993-cü ildə İsmayıllı rayonu, İvanovka kəndində doğulub. Orta təhsilini doğulduğu kənddə alıb. Etibar Azərbaycan Ordusunda müddətli hərbi xidməti zamanı kəşfiyyatçı olmuşdur.

Etibar Vətən Müharibəsi  başlayanda könüllü olaraq Ordu sıralarına yazılır. Zəngilan ərazisində Ziyarətgah dağı uğrunda gedən döyüşlərdə yaralanır və yenidən döyüşlərə qatılır. Hadrut, Füzuli, Cəbrayıl və Zəngilan uğrunda döyüşlərdə qəhramancasına iştirak edir. Etibar 9 noyabr 2020-ci ildə Zəngilan ərazisində azad olunmuş kəndlərin birində öz döyüşçü yoldaşları ilə nəzarət işini təşkil edərkən  mənfur düşmənin gülləsinə tuş gəlmiş və şəhid olmuşdur. 10 noyabr 2020-ci ildə İvanovka kənd qəbristanlığında dəfn edilmişdir

Şirinov Etibar Fazil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Lətifli

Ad: Orxan

Ata adı: Xancan

Doğum tarixi: 19.07.1996

Şəhid olub: 11.11.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Şəhid Lətifli Orxan Xancan oğlu 1996-cı il iyulun 19-u İsmayıllı rayonunun Diyallı kəndində anadan olub.2002-ci ildə Aqil Məmmədov adına Diyallı kənd orta məktəbinin 1-ci sinfinə gedib. 2013-cü ildə həmin məktəbin məzunu olub. Elə həmin il İsmayıllı Humanitar və Texnologiya kollecinin "Kompüter mühəndisliyi" ixtisasına qəbul olub.2014-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmış və 2016-cı ilin yanvar ayında hərbi xidmətini başa vurub, ordu sıralarından təxris olunmuşdur.

Orxan 2020-ci ilin 27 sentyabrında Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından dərhal sonra könüllü olaraq orduda xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir.İşğal altında olan bir neçə rayonun düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, Noyabr ayının 7-si Xocəvənd-Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Noyabrın 11-də Diyallı kənd qəbristanlığında dəfn edilmişdir.

Şəhid Lətifli Orxan Xancan oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,” Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Məmmədzadə

Ad: Cahan

Ata adı: Saleh

Doğum tarixi: 24.08.1994

Şəhid olub: 12.11.2020

Rütbə: Gizir

 

 

 

 

 

 

 

Məmmədzadə Cahan Saleh oğlu 1994-cü il avqustun 24-də Sumqayıt şəhərində anadan olub. 2000-2011-ci illərdə Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb.

2012-2014-cü illərdə Qazax rayonunda N saylı hərbi hissədə  hərbi xidmətdə olmuşdur. 2015-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris mərkəzinin “Gizir hazırlığı kursu”nu bitirib. Ona Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27 yanvar 2015-ci il tarixli əmri ilə “gizir” hərbi rütbəsi verilib. Cahan motoatıcı taqım komandirinin  müavini, motoatıcı taborun (BTR-82A) motoatıcı manqasının komandiri-döyüş maşını komandiri vəzifələrində xidmət edib. 2016-ci ildə Aprel döyüşlərində də fəal iştirak etmişdir. 44 günlük Vətən Müharibəsində iştirak edən Cahan Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsində fəal iştirak edərək Şuşa şəhərinədək şərəfli döyüş yolu keçib. 2020-ci ilin noyabr ayının 5-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur.  Noyabrın 12-si Təzəkənd qəbristanlığında dəfn edilib.

Gizir Məmmədzadə Cahan Saleh oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Babayev

Ad: Kamal

Ata adı: Eynula

Doğum tarixi: 27.05.1991

Şəhid olub: 16.11.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Babayev Kamal Eynula oğlu 27 may 1991-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində anadan olmuşdur. 1997-ci ildə İsmayıllı rayon Xanagah kənd ümumi orta məktəbinin 1-ci sinfinə getmiş, ardınca orta təhsilini İsmayıllı rayonun 1 saylı tam orta məktəbində davam etdirmişdir.

2008-ci ildə 11 illik təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis etdiyi təhsil müəssisəsində sürücü ixtisasına yiyələnib․Kamal Babayev 2009-cu il iyul ayında həqiqi hərbi xidmətə yollanıb․ “N” saylı hərbi hissədə xidmətini sürücü kimi davam etdirib․ 2011-ci ilin yanvar ayında hərbi xidmətini başa vurmuşdur․Babayev Kamal 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Kamal Babayev noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olmuşdur. Kamalın şəhid olduğu maşın 10 gün neytral ərazidə qaldığına görə götürmək mümkün olmamışdır. Kamal Babayev 16 noyabr tarixində yaşadığı Xanagah kənd qəbristanlığında dəfn edilmişdir.

Şəhid Babayev Kamal Eynula oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilı təltif olunub.

Soyad: Rəcəbalıyev

Ad: Tural

Ata adı: Həmid

Doğum tarixi: 04.10.1990

Şəhid olub: 25.11.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Rəcəbalıyev Tural Həmid oğlu 1990-cı il oktyabrın 4-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və 2010-cu ildə hərbi xidməti başa vurub.

Lakin hərbiyə olan sevgisi Turalı yenidən hərbi xidmətə qaytarıb. Zirehli texnikalara olan marağı onu tank sürücüsü ixtisasını öyrənməyə vadar edib. Müqavilə müddəti bitdikdən sonra Qalınçaq kəndinə qayıdıb. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinə könüllü olaraq yollanmışdır. Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. 23 noyabr 2020-ci ildə xidməti tapşırığı yerinə yetirərkən şəhid olub və 25 noyabrda Qalınçaq kənd qəbristanlığında dəfn edilib.

Şəhid Rəcəbalıyev Tural Həmid oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Soyad: Şıxızadə

Ad: Tural

Ata adı: Ətraf

Doğum tarixi: 30.05.2002

Şəhid olub: 11.12.2020

Rütbə: əsgər

 

 

 

 

 

 

 

Şıxızadə Tural Ətraf oğlu 2002-ci il mayın 30-da İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 2008-ci ildə Aqil Məmmədov adına Diyallı kənd orta məktəbində təhsil almağa başlayıb. 9-cu sinifi bitirdikdən sonra İsmayıllı rayon Peşə məktəbində təhsilini davam etdirib. 2019-cu ildə həmin məktəbi bitirib. 2018-ci ildə qol güləşi üzrə yarışlara qatılıb.

Uğurlu çıxışları nəticəsində 6 medal, 11 diplom qazanıb.O həmçinin qol güləşi üzrə ölkə birincliyinə layiq görülüb. 2020-ci ilin iyulun 11-də həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonunda xidmət edən qəhrəmanımız Vətən müharibəsi başladığı gündən etibarən döyüşlərdə iştirak edib. Ailəsi ondan ən son sentyabrın 30-da məlumat ala bilib. 71 günlük axtarışdan sonra 18 yaşlı Turalın şəhid olması ilə bağlı xəbər ailəsinə çatdırılıb. Oktyabrın 1-də  Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhidliyə yüksələn Tural dekabrın 11-də İsmayıllı rayon Diyallı kənd qəbiristanlığında torpağa tapşırılıb.


Şəhid Şıxızadə Tural Ətraf oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Keçidlər