Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda elmi-praktik konfrans

29 oktyabr 2015 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı ilə 2015-ci il oktyabrın 29-da İsmayıllıda “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” mövzusunda elmi-praktik konfransı keçirilmişdir.
Konfransın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, YAP Siyasi Şurasının  üzvü Qafar Əliyev, İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini Sevil Əhmədova, “Respublika”, ”İki Sahil”, ”Ekspress” qəzetlərinin, ”Birlik” jurnalının, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı bölgə qəzetlərinin əməkdaşları, bir sıra saytların nümayəndələri, 15 rayonun gənc jurnalistləri iştirak etmişlər.
Konfransda Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev giriş sözü söyləmiş, konfransın məram və məqsədi barədə məlumat vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov qonaqları salamlamış, bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Sonra isə o, 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr, Azərbaycanın dinamik və tarazlı inkişafı sahəsində ölkə Prezidentinin apardığı uğurlu siyasət barədə real rəqəmlər və faktlarla geniş məruzə etmişdir.
Məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev sayca 5-ci olan parlament seçkilərinin şəffaf, aydın və demokratik şəkilə keçiriləcəyini qeyd etmiş, gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması layihəsinin, hüquqi-demokratik cəmiyyətin fəal iştirakçısı olan gənclərin ictimai-siyasi biliklərinin artırılması sahəsindəki rolundan danışmışdır.
“Respublika” qəzetinin müxbiri Samir Zeynalov, “İki Sahil” qəzetinin müxbiri Ceyhun Piriyev, “Ekspress” qəzetinin şöbə müdiri Namiq Məmmədli, “Politika.az” saytının redaktoru Vasif Həsənli, “Bilik” jurnalının baş redaktoru İlqar İlkin, Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev, Mərkəzin sədr müavini Elşən Orucov, jurnalist Vasif  Həsənli və başqaları “Ölkəmizin sosial-iqtisadi vəziyyəti ilə əlaqədar mövzuların obyektiv işıqlandırılması”, “İnformasiya cəmiyyətində media və onun əsas missiyası, KİV-nin hüquqi tənzimlənməsi, jurnalistlərin peşə davranış qaydaları və normaları”, “Vətənpərvərlik tərbiyəsi və tarixi mövzuların işıqlandırılması, tarixi yaddaşın möhkəmləndirilməsində KİV-nin rolu”, “Hüquqi-demokratik cəmiyyətdə qanunçuluğun təbliği sahəsində KİV-nin rolu” və s. mövzularda çıxışlar etmişlər.
Konfransda mövzular ətrafında müzakirələr aparılmış, İsmayıllı və ətraf rayonların KİV-də çalışan gənc jurnalistlərin çıxışları dinlənilmiş, sualları cavablandırılmışdır. Gənc jurnalistlərə sertifikatlar verilmişdir.
Konfransı RİH başçısının müavini Sevil Əhmədova yekunlaşdırmış, tədbirin təşkilatçılarına, qonaqlara və gənc jurnalistlərə rayon rəhbərliyi adından minnətdarlığını bildirmişdir.

Keçidlər