Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyev qaçqın və köçkün əhalinin son ümidgahı, istinadgahı idi

24 aprel 2014 | 15:00

YAP  İsmayıllı rayon təşkilatı məcburi köçkünlərin ən çox məskunlaşdığı Kürdmaşı kəndində Kürdmaşı kənd və 30 saylı Ağdam köçkün məktəbləri kollektivlərinin iştirakı ilə  “Ulu öndər Heydər Əliyev qaçqın və köçkün əhalinin son ümidgahı, istinadgahı idi” mövzusunda tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Kürdmaşı kənd tam orta məktəbinin direktoru Hafiz Mehdiyev qeyd etdi ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışmışdır. Bildirilmişdir ki, ümummilli lider təkcə Azərbaycanın deyil, dünyanın sayılıb-seçilən siyasətçisi, dövlət xadimi idi.
Daha sonra çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova çıxış edərək qeyd etdi ki, ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıdanadək Ermənistandan qaçqın düşmüş və torpaqlarımızın işğalı nəticəsində məcburi köçkün həyatı yaşamağa vadar edilmiş insanlar üçün, demək olar ki, heç bir iş görülməmişdi. Lakin ümummilli liderin hakimiyyəti illərində qaçqınlara və məcburi köçkünlərə dövlətin diqqət və qayğısı artmış, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülməyə başlanmışdır. Ancaq torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri hələ də öz həllini gözləyirdi. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan bu problemlərlə ciddi məşğul olurdu. Beynəlxalq aləmdə Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələrinə əməl olunması, qaçqınların sosial problemlərinin həlli və s. istiqamətlərdə davamlı siyasət həyata keçirən ümummilli lider bunu özünün bir nömrəli problemi adlandırırdı.
Qaçqın və məcburi köçkünlərin sosial problemləri Heydər Əliyevi daim narahat edirdi. Ulu öndər dəfələrlə çadır şəhərciklərində olmuş, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdu. Onun bu şəhərciklərə hər gəlişi əsl bayram olardı. Heydər Əliyevin hakimiyyəti illərində qaçqın və məcburi köçkünlər beynəlxalq humanitar yardım alır, onların məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilirdi. Çıxışlarının birində ulu öndər demişdi: “Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir”. Göründüyü kimi, bu dahi şəxsiyyət insanların ağrılarını dərindən duyur, onların xilası yollarını axtarırdı. Heydər Əliyev işğal altında olan torpaqların azad edilməsi üçün bütün imkanlardan istifadə edirdi.
Azərbaycanlı qaçqın və məcburi köçkünlər ölkənin, demək olar ki, əksər bölgələrində məskunlaşmışlar. Bu cür məskunlaşma onların idarə edilməsində də problemlər yaradırdı. Ancaq məcburi köçkünlərin bu problemləri də tədricən həll olunmaqdadır. Ulu öndərin siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətdə olduğu illərdə bu problemə xüsusi önəm vermiş, bir neçə dövlət proqramı imzalamışdır.Son 10 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Həmin müddətdə qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfındən 51 fərman və sərəncam imzalanmış, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdınlması və məşğulluğunun artırılması üzrə “Dövlət Proqramı” və bu Proqrama 2 Əlavə təsdiq edilmişdir.
Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Neft Fondundan və digər mənbələrdən 1 milyard 546,9 milyon manat vəsait sərf olunmuşdur. Həmin vəsait hesabına 30 şəhər və rayonun ərazisində bütün sosial-texniki infrastruktura malik, ümumi sahəsi 1,5 milyon kvadratmetr olan 57 müasir qəsəbə və yaşayış kompleksi yaradılmışdır. Bu yaşayış məntəqələrinin hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Qeyd olunan yaşayış komplekslərinə - 7 çadır düşərgəsində, 12 fin tipli qəsəbədə, həmçinin yük vaqonlarında, məktəblərdə, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış 23,5 min ailə və 110 min nəfər məcburi köçkün köçürülmüşdür. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,8 milyard manat vəsait sərf edilmişdir. Həmin vəsaitin 1,7 milyard manatı dövlət büdcəsinin, 1,4 milyard manatı Dövlət Neft Fondunun, 378 milyon manatı isə digər təşkilatların payına düşür. Ötən dövrdə Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,5 dəfə artırılmış,16 min ailəyə ünvanlı sosial yardım verilmişdir. Məcburi köçkünlərə kommunal xidmətlərə görə sərf olumuş vəsaitin məbləği 4,5 dəfə çoxalmışdır.
Daha sonra çıxış edən 30 saylı Ağdam köçkün tam orta məktəbinin direktoru Zahid Namazov, həmin məktəbin müəllimi Nəzakət İbrahimova, Kürdmaşı kənd tam orta məktəbinin müəllimi Rüstəm Nəbiyev qeyd etdilər ki, bütün Azərbaycan xalqı inanır ki, Heydər Əliyev ideyalarından güc alan çox hörmətli Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar.

Keçidlər