Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və İdman naziri İsmayıllıda vətəndaşları qəbul etmişdir

19 aprel 2014 | 15:00

18 aprel 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovun qəbulu keçirildi. Nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldığı qəbulda İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından 40-a yaxın sakin iştirak etmişdir. Nazir tərəfindən fərdi qaydada qəbul olunan hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmişdir. Müraciətlərin əksəriyyəti idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin zəruri avadanlıqlarla təminatı, yerlərdə olimpiya idman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, qeyri hökumət gənclər təşkilatlarının yaradılmasına dəstək verilməsi, gənclər və idmanla bağlı layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı ilə bağlı olmuşdur. Vətəndaşlar habelə, sahibkarlıq fəaliyyəti ilə əlaqədar güzəştli kreditlərin verilməsinə kömək göstərilməsi, işə düzəlmə və digər məsələlər barədə də müraciət etmişlər.
Qəbul zamanı bir sıra müraciətlər operativ surətdə öz həllini tapmışdır. Bəzi müraciətlərin isə araşdırılması  və müsbət həlli üçün aidiyyəti  şəxslərə kankret tapşırıqlar verilmişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan bir sıra müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata götürülmüşdür.

Keçidlər