Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ismayıllılara təbriki

31 dekabr 2021 | 16:00

Əziz ismayıllılar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə xoşbəxt həyat, firəvanlıq və sevinc dolu günlər arzu edir,müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması, o cümlədən doğma İsmayıllının  inkişafı, tərəqqisi naminə yeni-yeni uğurlar diləyirəm.Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirlər. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.

Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin Vətənimiz və xalqımız qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan olunmuşdur.

Geridə qoyduğumuz 2021-ci il uğurlu il kimi yadda qaldı. Tarixi Zəfərimizin bir ilini qeyd etdik. Bu ili hamılıqla bütöv Azərbaycanın vətəndaşı kimi qarşılayırıq.Özündə böyük məsuliyyət, qürur, zəhmət meyarlarını ehtiva edən 2022-ci ildə hər birimiz dövlətimizin müdafiəsində möhkəm dayanmalı, xalqımıza xidmətdə daha fədəkar olmalıyıq. Şəhidlərimizin qanı və canı bahasına əldə olunan Böyük Azərbaycanın varlığının əbədi və möhkəm olması naminə həm arxa, həm də ön cəbhədə bir əsgər olmalı,Ulu Öndər Heydər Əliyev ideyalarını reallaşdıran, Azərbaycanı uğurlu gələcəyə aparan,Qələbəmizin memarı,Ali Baş Komandan,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycan dövlətinin müstəqilliyini qorumalıyıq.

Bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə ürəkdən təbrik edirəm! Qarşıdan gələn 2022-ci il ölkəmizə əmin-amanlıq, uğur və  bərəkət gətirsin.

Bayramınız mübarək!

Keçidlər