Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda şəhid ailələri daim diqqətdə saxlanılır

30 dekabr 2021 | 16:00

Bu gün İsmayıllıda I və II Qarabağ müharibəsinin şəhid ailələri ilə görüş keçirilib. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan rayon rəhbəri ərazilərimizin bütövlüyü uğrunda yüzlərlə İsmayıllı gəncinin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu bildirib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.

İcra başçısı daha sonra bildirib ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq İsmayıllıda da şəhid ailələrinə daim diqqət və qayğı göstərilir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və təqvim ilinin yenilənməsini sizlə bir araya gələrək qeyd etməyi özümüzə borc bildik. Biz bu gün, bir daha dövlət-xalq birliyinin, bütövlüyümüzün nə qədər sarsılmaz olduğunu gördük. Bir daha şahidi olduq ki, bizi bir amal birləşdirir-müstəqil və suveren ölkə olan Azərbaycan və bu ölkənin yenilməz, dəmir iradəli, dəmir biləkli Prezidenti cənab İlham Əliyevə olan sonsuz sevgi və ehtiram duyğusu.

Sonra şəhidlərin Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edildikləri orden və medallar şəhidlərin ailələrinə təqdim edilib.

Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda xatirə şəkli çəkilib.

 

Keçidlər