Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub

01 oktyabr 2021 | 16:00

01 oktyabr 2021-ci il tarixində İsmayıllı rayonunun Qalınçaq kəndindən olan şəhid Fuad Nəcəfovun ad günü qeyd olunub.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, şəhid ailələri, hərbiçi yoldaşları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verib, sonra çıxışında qeyd edib ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, Beynəlxalq təşkilatların, böyük güc dövlətlərinin özlərinin qəbul edib amma 30 ildə yerinə yetirə bilmədikləri qərarları Azərbaycan xalqı 44 günə yerinə yetirdi.  Bu qələbənin qazanılmasında, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz var.  Bu gün onları dərin hüznlə yad edir, onların ruhu qarşısında baş əyirik.  Sağlamlığını itirən qazilərimizə şəfa diləyirik.

Çıxış edən şəhidin yaxınları Fuad Nəcəfovla bağlı xatirələrini, onun göstərdiyi qəhrəmanlıqlardan və vətənpərvərliyindən danışıblar. Tədbirdə Qalınçaq kənd tam orta məktəbin şagirdləri şəhidə həsr olunan şeirlər səsləndirib. Sonra tədbir iştirakçıları Fuadın yaşadığı evində onun xatirəsinə yaradılmış guşəyə baxış keçirib. Sonda məzarı ziyarət edilib.

Məlumat üçün bildiririk ki, Fuad Nəcəfov 1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Hərbi Dəniz Qüvvələrində keçib.  2010-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlıq kursu”nu bitirib. Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 avqust 2010-cu il tarixli əmri ilə “miçman” hərbi rütbəsi verilib. Xidmət dövründə “Azərbaycan Ordusunun 95 illiyi” , “Azərbaycan Ordusunun 100 illiyi”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.  Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrininin xüsusi təyinatlılarının tərkibində döyüşlərdə fəal iştirak edərək qələbənin qazanılmasında müstəsna xidmətləri olub. 2020-ci ilin oktyabr ayının 7-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Qalınçaq kənd məzarlığında dəfn edilib. Xatırladaq ki, Fuad Nəcəfov göstərdiyi qəhrəmanlıqlara görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  “Qarabağ ordeni”, "Vətən uğrunda",  və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Keçidlər