Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır

09 aprel 2021 | 16:00

Bu döyüşdəki qələbədə ən böyük pay sahibi məhz şəhidlərimizdir. Bu döyüşlərdə İsmayıllı rayonu da bir şəhid vermişdir. Həmin döyüşlərdə Maçaxı kəndində doğulub boya başa çatmış, Sumqayıt Dövlət Universitetində ali təhsil almış, Mikayıl Yaqub oğlu Vahabzadə də şəhid olub. O, 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və neytral zonada qalıb. Aprel ayının 8-də isə atəşkəsdən sonra götürülüb  və aprelin 9-da doğulub boya-başa çatdığı Maçaxı kənd qəbirstanlığında dəfn olunub.

     Bu gün Mikayılın anım günündə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı, Hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti nümayəndələri və gənclər karantin qaydalarına əməl etməklə, şəhidin ailəsi ilə birlikdə məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə qərənfillər düzülüb, ruhuna dualar oxunub, ailəyə səbr, dözüm diləyib, başsağlığı veriblər. Sonra rayon rəhbərliyi şəhidin böyüyüb boya-başa çatdığı evdə olub, onun ev muzeyinə baxış keçiriblər.  Üçrəngli Bayrağımızı, Vətənimizi canından çox sevən, bu sevgi yolunda canından keçən Mikayıl haqqında kitab yazılmış, sənədli film çəkilmiş, həmçinin şəhidə çox sayda məqalələr, şeirlər həsr olunmuşdur. Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Ad günlərində, bayramlarda, Aprel döyüşlərinin ildönümü günlərində, Mikayılın məzarını ziyarət etməyə çoxsayda insanlar gəlir.

       Bu gün həmçinin Mikayılın həmkəndlisi Vətən müharibəsində şəhid olan gizir Məmmədli Əşrəf Elman oğlunun da məzarı ziyarət olundu, ailəsinə baş çəkildi. Ailə ilə səmimi söhbət edildi. Hər iki şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə öz təşəkkürlərini bildirdilər. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsi hər zaman ehtiramla anılır. Müzəffər Azərbaycan ordusu 44 gün ərzində Vətən müharibəsində bütün şəhidlərimizin qisasını aldı və bizə qələbə sevincini yaşatdı.

Keçidlər