Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda yeni Toz Boya zavodu istifadəyə verildi

30 mart 2021 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi İsmayıllı rayonunun Xanagah kəndində yeni fəaliyyətə başlayan Elektrostatik Toz Boya zavodunun  açılışında iştirak edib.

Karantin qaydalarının tələblərinə uyğun olaraq keçirilən tədbirdə çıxış edən icra başçısı yüksək texnologiyaların tətbiqi əsasında idxalı əvəz edən və rəqabət qabiliyyətli sənaye məhsulları istehsal edəcək müəssisənin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, bundan sonra da yeni inventarların cəlb edilməsinin işsizliyin aradan qaldırılmasında vacib məsələ olduğunu bildirmişdir. Sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradır.

Müəssisənin nümayəndəsi Qədir Dəmrəl rayon rəhbərinə və tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Türkiyə və Çin avadanlıqlarından istifadə edərək tam gücü illik 700 ton olan müəssisə bütün növ metal materialların boyamasında istifadə edilən Elektrostatik Toz boyaları istehsal edəcək.

Bundan əlavə Q.Dəmrəl ilkin investisiya 500 min ABŞ dolları olan müəssisəyə növbəti illərdə iki milyon dollara qədər vəsait yatırımı edilməsinin nəzərdə tutulduğunu bildirmişdir.
   
Qeyd edək ki, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinin təşviqi iqtisadiyyatın şaxələndirilməsi, qeyri- neft sektoruna xarici investorların cəlbi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə türk investorlar Azərbaycana dəvət olunmuş və müəssisənin yaradılması istiqamətində lazımi dəstəklər göstərilmişdir.

Müəssisə ölkə daxili tələbatı ödəməklə yanaşı məhsulunu “Made in Azerbaijan” brendi altında Qazaxıstan, Türkmənistan, Özbəkistan, Rusiya, Ukrayna, Gürcüstan  və Ərəb ölkələrinə ixrac ediləcəyi planlaşdırılıb. “Nilla” adı ilə fəaliyyət göstərən zavod yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

 

 

Keçidlər