Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun yaranmasının 85 illiyinə həsr olunmuş elmi konfrans

20 may 2016 | 16:00

İsmayıllı rayonu inzibati vahid kimi 1931-ci il noyabr ayının 24-də təşkil olunub. 85 ildir ki, bu bölgə ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, elm, ədəbiyyat, mədəniyyət, incəsənət, təhsil sahəsində fərqlənən yetirmələri ilə tanınır.
Rayon həyatı üçün bayram olan bu günün qeyd olunmasına hazırlıqla əlaqədar tədbirlər planı hazırlanıb, həyata keçirilməsi forma və məzmunca müxtəlif tədbirlərlə təmin olunur.
İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ilə birgə təşkil etdiyi elmi konfrans bu tədbirlərin ən diqqətçəkəni olub.
Konfransın plenar iclası 20 may 2016-cı il tarixdə “Qala” sarayında açılıb.
Tədbiri giriş nitqi ilə kollecin direktor əvəzi, moderator Sevda Qasımova açıb.
Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov “İsmayıllı 85 ildə” mövzusunda məruzə edib. Məruzədə rayonun siyasi tarixində ən əhəmiyyətli mərhələlər olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İsmayıllıya səfərlərindən ətraflı bəhs edilib.Qeyd olunub ki, bölgənin əhalisi əməksevərliyi, milli-mənəvi dəyərlərə əsaslanması, vətənsevərliyi,dövlət siyasətinə sədaqəti, verilən qiymətə layiq fəaliyyəti ilə seçilir. Rayonun 85 illiyi ilə əlaqədar onun inkişafında xidməti olan hər kəs bu günkü nəsillərə tanıdılır. Bölgənin 85 illiyinə həsr olunmuş kitab buraxılmasına hazırlıq görülür .Rayonun tarixi yerlərinə, yaşayış məskənlərinə gənclərin səfərləri, tarixi öyrənmələri sistemli hal alır.
Tarix elmləri doktoru, Teleradio Şurasının sədr müavini, Girdiman  dövlətinin kamil tədqiqatçısı professor Qafar Cəbiyev İsmayıllının müasir tarixinə, yaxın keçmişinə obyektiv qiymət verib. İndiki İsmayıllı ərazisində baş vermiş tarixi prosesləri şərh edib. Onun çıxışında bu günkü İsmayıllının təməli, özülü çox aydın hiss edilib.
AMEA  Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Kübra Əliyeva, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya üzrə direktor müavini Həbibə Əliyeva, Azərbaycan Texniki Universiteti İctimai fənlər kafedrasının müdiri Şikar Qasımov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, “Miras” Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyinin sədri Fariz Xəlili, “Bilik” fondunun əməkdaşı Hacı Nəriman oğlu, jurnalist İntiqam Mehdizadə, veteran jurnalist Valeh Salehov və başqaları çıxış ediblər.
İsmayıllının 85 illik tarixinin müxtəlif mərhələlərinə toxunan natiqlər onun müasir tarixinə xüsusi diqqətlə yanaşıblar. Qeyd ediblər  ki, Prezident İlham Əliyevin  qayğısı sayəsində bu günkü gənclik Azərbaycanın daha xoşbəxt həyatını yaşayacaq.

Plenar iclasdan sonra konfrans üç bölmə üzrə- “İqtisadiyyat,ekologiya və turizm”,”Mədəniyyət və filologiya”,”Tarix etnoqrafiya, sosialogiya və din” mövzularında davam etdirilib.
Bölmə iclaslarına Mədəniyyət mərkəzinin  konfrans zalı, Kollecin akt zalı və Tarix-diyarşünaslıq muzeyi ev sahibliyi edib.
Konfrans Mədəniyyət mərkəzinin akt zalında yekunlaşdırılıb. Moderatorlar bölmə iclaslarının nəticələri barədə hesabat veriblər.
Sonda rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı nümayiş etdirilib.

Keçidlər