Şriftin ölçüsü :

Saytın rəngi :

Mənəvi quruculuq sahəsində daha bir layihə: Rza İsmayılovun 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

27 aprel 2016 | 16:00

Rza İsmayılov İsmayıllının qədim tarixli kəndlərindən biri olan Qalacıqda anadan olub .1958-ci ildə Kənd təsərrüfatı İnstitutunu bitirib. İki illik əmək fəaliyyətindən sonra rayon komsomol komitəsinin birinci katibi seçilib. Sonra komsomolun mərkəzi komitəsində işləyib. O zamanlar üçün həlledici idarəçilik mərhələsi olan məhəlli kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsinə təyinat alıb. Bu vəzifədə də özünün yaxşı cəhətdən göstərib.
Onun həyatının on səkkiz ili Azərbaycan Respublikasının Nazirlər Soveti ilə bağlı olub.Dövlət qulluqçusu, ictimai fəal və bacarıqlı  kənd təsərrüfatı mütəxəssisi kimi tanınıb. Bir müddət Kənd Təsərrüfati nazirinin müavini vəzifəsini məsuliyyətlə icra edib. İctimai fəallığı, işə məsuliyyətli münasibəti ilə həmişə diqqəti cəlb edib.
İsmayıllı rayon icra hakimiyyəti Rza Mövlam oğlunun bu kimi keyfiyyətlərini nəzərə alaraq onun 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirməyi qərara almışdı.
Anadan olduğu gündə-27 apreldə rayon Mədəniyyət Mərkəzində baş tutan xatirə gecəsinə Rza İsmayılovun övladları, nəvələri,  qohumları, onu yaxından tanıyanlar, rayon icra hakimiyyətinin işçiləri, rayon ictimaiyyətinin nümayəndələri gəlmişdilər.
Tədbirin ideya müəllifi, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Rza İsmayılovun həyat və fəaliyyətindən, uzun illər dövlət orqanlarında səmərəli işindən , yüksək insani keyfiyyətlərindən, kamil mütəxəssisliyindən danışdı. Qeyd etdi ki, dövlət, xalq, doğulduğu, yaşadığı bölgə qarşısında xüsusi  xidmətləri ilə seçilənlərin yubileyləri, xatirə və anım günləri bundan sonra da keçiriləcək, hər kəsə layiq olduğu qiymət veriləcək.
Sonra Rza İsmayılovun sinif yoldaşı Şamil Mursəliyev, Qalacığın yetirməsi, RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, Qalacıq tam orta məktəbinin pensiyada olan müəllimi Bəxtiyar Rəhimov, gənc dövlət qulluqçusu Ziya Cavadov çıxış edərək Rza İsmayılovun örnək götürüləsi xarakter-xüsusiyyətlərindən danışdılar.
Qalacıq bələdiyyəsinin sədri Zöhrə Şalbuzova çıxış edərək dedi ki, bələdiyyə ən yaxşı  tələbə üçün Rza İsmayılovun adına təqaüd təsis edib. Təqaüd Azərbaycan Tibb Universitetinin II kurs tələbəsi Şəhla Abdullayevaya təqdim olundu. Alqışlarla qarşılanan bu münasibətin bundan sonra çoxları üçün örnək olacağı zənnindəyik.
Rza İsmayılovun qızı, biologiya elmləri namizədi Təranə İsmayılova atasına göstərilən hörmət və ehtirama görə rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürünü bildirdi.
Çıxışlar Sahibə Abdullayevanın, Rima  Babayevanın, Lahıc və İvanovka folklor qruplarının musiqi nömrələri ilə müşaiyət olundu.
Tədbir ölkə rəhbərinə minnətdarlıq,layihənin ideya müəllifinə təşəkkürlə yekunlaşdı.

Keçidlər