Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim Basqalın yetirməsi olan tanınmış riyaziyyatçı Maqsud Cavadovun xatirə günü

05 noyabr 2015 | 16:00
Basqal ölkəmizin xalq sətəkarlığı, xüsusilə ipəkçiliyi, kəlağayı istehsalı, tarixi abidələri, özünəməxsus etnoqrafiyası, adət-ənənələri,məişət və mətbəx mədəniyyəti  ilə tanınan,görkəmli elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri yetirən qədim yaşayış məskənlərindən biridir. Fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü və Azərbaycan Dövlət Universitetində həndəsə kafedrasının müdiri işləmiş Maqsud Cavadov da burada anadan olub, bütün təhsil mərhələlərini keçərək Azərbaycanın riyaziyyat-həndəsə elminə böyük töhfələr verib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqın xidmətçisi olmaq tapşırığını məsuliyyətlə yerinə yetirən İsmayıllı rayon İcra Hakimiyyəti AMEA-nın Riyaziyyat İnstitutu ilə birgə görkəmli elm xadiminin xatirə gününü qeyd edib.
Yetişən nəslə Maqsud Cavadovun tanıdılması üçün xatirə gününə qədərki tədbirlərə geniş miqyas verilib. Basqal tam orta məktəbində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, vaxtilə professorun tələbəsi olmuş müəllimlərin iştirakı ilə elmi-bədii gecə, X-XI sinif şagirdləri  arasında riyaziyyat olimpiadası keçirilib. AMEA-nın Riyaziyyat İnstitutu rayon turunda seçilən 30 nəfər şagird üçün 5 noyabr 2015-ci il tarixdə olimpiadanın  yekun turunu təşkil edib. Tam orta məktəblərdə Maqsud Cavadovun xatirəsinə riyaziyyat gecələri həsr olunub.
Şəhər mədəniyyət mərkəzində keçirilən xatirə gününə başlamazdan əvvəl iştirakçılar Əməkdar elm xadimi Maqsud Cavadovun həyat və elmi fəaliyyətinin əks etdirən sərgiyə baxıblar.
BDU-nin, AMEA-nın əməkdaşlarının, Maqsud Cavadovun qohumlarının və yaxınlarının, riyaziyyat müəllimləri və təhsil işçilərinin, ictimaiyyət  nümayəndələrinin, olimpiadaya gələn şagirdlərin iştirak etdiyi xatirə gününü qonaqları və bütün iştirakçıları salamlamaqla açan rayon icra hakimiyyətinin başçısı,Əməkdar elm xadimi Mirdaməd Sadıqov Maqsud Cavadovun  Azərbaycan ziyalılığında və elmində tutduğu yerdən, riyaziyyatın tədqiqi və tədrisindəki xidmətlərindən danışıb.
AMEA Riyaziyyat İnstitutunun direktoru professor Misir Mərdanov  Maqsud Cavadovun həyatı və elmi fəaliyyətinə dair məruzə edib, müəllimi barədə ən xoş xatirələrini danışıb. 
Bakı Dövlət Universitetinin professoru Sabir Mirzəyev,mexanika-riyaziyyat fakülətisinin dekanı Nizaməddin İskəndərov,kafedra müdiri Vaqif Qasımov Maqsud Cavadovun təhsilin və elmin mahir təşkilatçısı olduğundan, gənc riyaziyyatçılara qayğısından, əməkdar müəllim İzhar Kazımov və Maqsud Cavadovun qardaşı qızı Maisə Cavadova görkəmli alim haqqında xoş xatirələrini iştirakçılarla bölüşüblər.
 Basqal tam orta məktəbinin VII sinif şagirdi Nilufər Qəhrəmanova basqalılları Basqala çağırış məzmunlu çıxış edib.
Olimpiada qaliblərinə diplomlar  və hədiyyələr təqdim edilib.
Şair Hüseyn Arifin  Maqsud Cavadovun 70 illiyinə, Ağasən Bədəlzadənin Basqala həsr olunmuş şeirləri ifa edilib.Basqalı rəqsi səslənib.
 “Niyal” ansamblının milli koloritli mahnı və musiqi nömrələri ilə xatirə gününə xoş ovqat qatılıb.
Keçidlər